İlham Əliyev Azərbaycanın xristian icmasını təbrik edib

Apr 18, 2025 - 20:33
İlham Əliyev Azərbaycanın xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

AzToday.org xəbər verir ki, dövlət başçısı məktubunda zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik hallarının olmadığını, etnomədəni müxtəlifliyin günümüzədək qorunub saxlanıldığını bildirib.

Prezident qeyd edib ki, cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

“Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Pasxa bayramının yeniliyi, dirçəlişi, mərhəmət və xeyirxahlıq duyğularını təcəssüm etdirdiyini bildirən dövlət başçısı Azərbaycanın bütün xristian icmasına xoş bayram ovqatı, sevinc və rifah arzulayıb.