“Azəravtoyol”un idarəsində kütləvi ixtisarın anonsu: Əvəz Qocayevin adamları işçilərə nə deyiblər?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərkibindəki “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də kütləvi ixtisarlar gedəcək. Bu barədə AFN.az-a MMC-də çalışanlar məlumat veriblər. Deyiblər ki, onlara işçilərin 30 faizinin ixtisar olunacağı çatdırılıb:
“Bizə deyirlər ərizə yazaq. Biz isə ərizə yazmaq istəmirik, deyirik ki, ixtisara düşməyimiz haqqında rəsmi bildiriş göndərsinlər. Göndərmirlər. Iki gün öncə də iclas keçirib bizə dedilər ki, tez olun, ərizələrinizi yazın, sizi gözləyirik. MMC-nin rəisi Etibar Kərimov və müavini bizə deyirlər ki, “Azəravtoyol”un büdcəsində pul yoxdur bizə kompensasiya verməyə, ona görə də bildiriş göndərilmir, öz ərizəmizlə çıxmalıyıq”.
Şikayətçilər bildirirlər ki, idarədə “aranı qatanlardan” biri də Yeganə adlı baş mühasibdir:
“Rəhbərliyin sözünü o çatdırır bizə. O da deyir ki, büdcədə pul olmadığı üçün bildiriş göndərib, ixtisara sala bilmirik. Deyirik, heç olmasa, sənədlərimizi elə verin ki, işsizlik müavinəti ala bilək, ondan da imtina edirlər”.
Qeyd edək ki, həmin idarənin kurasiyası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevdədir. “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi isə Etibar Kərimovdur. Şikayətçilər Etibar Kərimovu Əvəz Qocayevin adamı kimi xarakterizə edirlər. Bildirirlər ki, o, sədr müavininin nəvələrinin kirvəsidir.
Onu da qeyd edək ki, məsələ ilə bağlı MMC-nin rəhbəri Etibar Kərimov AFN.az-a açıqlamasında: “İşçilərə ixtisarla bağlı heç bir söz deyilməyib. Rəis mənəm, iclası da mən çağırmalıyam. Amma mən elə bir iclas keçirməmişəm. Bizim əksinə, işçiyə ehtiyacımız var, ixtisar söhbəti yoxdur”, — deyib.