Avropa Liqası tarixində hələ Fernandeş kimisi olmamışdı

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Real Sosyedad"ı 4:1 hesabı ilə darmadağın edərək (ilk oyun 1:1) 1/4 finala yüksələn "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş rekorda imza atıb.
Fanat.az "Opta Sport"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu nəticəni İngiltərədəki görüşdə ispanların qapısına penaltidən 2 qol vurmaqla reallaşdırıb.
AL-də "ağ nöqtə"dən 10-cu dəfə rəqib qapısına yol tapan Fernandeş turnir tarixində ilk belə oyunçu olub.
30 yaşlı Brunu AL-də "Sportinq" və MY-nin heyətində iştirak edib. Qitənin ikinci dərəcəli klub turnirində indiyədək 53 matça çıxan orta xətt oyunçusu 23 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.