Ağsuda ölən və yaralananlar bu şirkətin işçiləri olub – VİDEO

Ağsuda selin aşırdığı ekskavatorda dünyasını dəyişən və yaralanan şəxslər “Evrascon” şirkətinin işçiləri olub.
Tribunainfo.az xəbər verir ki, Ağsu-İsmayıllı ərazisində yol-təmir işlərini həyata keçirən “Evrascon” şirkətinin işçiləri yağışdan qorunmaq üçün ekskavatorun içinə yığışıb.
Selin aşırdığı ekskavatorda olan 4 nəfərdən biri “Evrascon” şirkətinin sözügedən ərazidə aparılan iş üzrə sahə rəisi 1982-ci il təvəllüdlü Pərviz Ayətullalayev hadisə yerində dünyasını dəyişib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan digər 3 nəfər – 1992-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Bəxtiyar Nəsib oğlu, 1982-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Salahov Elnur Məhəmməd oğlu və 1988-ci il təvəllüdlü Gədəbəy rayon sakini Qasımov Bəxtiyar Fazil oğlu da “Evrascon” şirkətinin işçiləri olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət alanlar ekskavatordan çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, körpü, yol-təmiri işləri həyata keçirən “Evrascon” şirkətinin Direktorlar Şurasının sədri İsmiyev İsmayıl – Əfəndi Hacımuradoviçdir.