Bayden natiq olacaq – Bir çıxışa 300 min dollar istəyir

ABŞ-nin keçmiş prezidenti Co Baydenin tədbirlərdəki çıxışı təşkilatçılara 300 min dollara başa gələcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “New York Post” (NYP) qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ-nin keçmiş prezidentinin tələbləri siyahısına şəxsi təyyarə ilə uçuş və başqa şəhərə getməli olduğu halda beş köməkçisinin xidmət haqqı da var.
NYP yazır ki, tələb olunan məbləğ 44-cü Amerika lideri Barak Obamanın 2017-ci ildə Ağ Evi tərk etdikdən sonra çıxışı üçün tələb etdiyi 400 min dollardan 25% azdır.
Bununla belə, Baydeni təmsil edən “Creative Artists Agency” (CAA) istedad agentliyi üçün onu natiq kimi dəvət etmək istəyənləri tapmaq asan olmayacaq.
Qeyd edək ki, Bu həftənin əvvəlində Bayden İllinoys ştatının Çikaqo şəhərində vəzifəsindən ayrıldıqdan sonra əlil insanlara hüquqi dəstək verən qeyri-hökumət təşkilatının konfransında ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. Eks-prezidentin bu çıxışına görə nə qədər pul aldığı barədə məlumat verilməyib.
Xatırladaq ki, yanvarın 20-də 2021-ci ildən prezident postunu tutan 82 yaşlı Bayden Ağ Evi Donald Trampa təhvil verib.