Sanksiyalar Rusiyanın zənginlərini daha da zənginləşdirib... – Bu necə baş verib?

Məlum olduğu kimi, 2022-ci ilin 24 fevral tarixində Rusiya Ukraynaya hərbi müdaxilə etdiyi üçün Qərb ölkələri tərəfindən sanksiyalara məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu sanksiyalar ölkənin oliqarx təbəqəsini də birbaşa hədəfə alıb.
Qeyd edək ki, ən varlı rus oliqarxlardan Roman Abramoviç, Aleksey Mordaşov, Vladimir Potanin və Alişir Usmanov başda olmaqla bir çox milyarder sanksiyalara məruz qalıb. Onların xaricdəki aktivləri – malikanələr, yaxtalar, bank hesabları və hətta bəzi şirkət payları dondurulub. Abramoviçin “Çelsi” futbol klubunu satması bu tədbirlərin ən çox diqqət çəkən nəticələrindən biri olub.
Lakin maraqlıdır ki, “Forbes” nəşrinin açıqladığı məlumatlarda rusiyalı milyarderlərin öz sərvətlərini artırdığı müşahidə olunur.
“Forbes”in açıqladığı “Dünyanın ən zəngin insanları” hesabatında yer alan ən varlı 10 rusiyalı oliqarxın sərvəti Ukrayna müharibəsi başladıqdan, yəni sanksiyalar tətbiq edildikdən sonra nəzərəçarpacaq şəkildə artıb. Belə ki, bu ilin əvvəlinə olan məlumata görə, “Forbes”in siyahısında yer alan ən varlı 10 rusiyalının ümumi sərvəti 227 milyard 200 milyon dollar olub. Halbuki, sanksiyalardan əvvəl – 2022-ci ilin əvvəlində onların ümumi sərvəti 126 milyard 800 milyon dollar olub.
Açıqlanan məlumatlardan da göründyü kimi, sanksiylar tətbiq olunduğu illərdə rusiyalı oliqarxlar sərvətlərini kəskin şəkildə artıra biliblər.
Bəs, bu necə baş verib?
Ekspertlər bildirirlər ki, sanksiyalar əksər hallarda sərvət itkisinə səbəb olsa da, Rusiya oliqarxlarının əksəriyyəti daxili bazarda yeni imkanlar taparaq, xüsusilə də enerji, metallurgiya və gübrə sənayesi kimi strateji sahələrdəki gəlirlərini daha da artırmağa nail olublar. Qərb şirkətlərinin Rusiya bazarından çəkilməsi isə bu oliqarxlara rəqibsiz qalmaq və daxili bazarda dominanta çevrilmək imkanı yaradıb.
Eyni zamanda, kapital axınlarının Şərqə – xüsusilə Çin, Hindistan və BƏƏ-yə yönləndirilməsi, ofşor zonalarda aktivlərin yenidən təşkil olunması və daxili valyuta siyasətinin sərtləşdirilməsi rusiyalı milyarderlərin sərvətlərinin qorunmasında və artırılmasında mühüm rol oynayıb.
Açıqlanan nəticələr ortaya belə bir sual da çıxarır: Rusiyaya qarşı tətbiq edilən sanksiyalar kimə təsir edir, varlılara, yoxsa sıravi vətəndaşlara? Ən azından “Forbes”in siyahısı göstərir ki, sanksiyalar artdıqca Rusiyanın zənginləri daha da zənginləşiblər.