Rusiya minlərlə Starlink peykini məhv edə biləcək silah hazırlayır

Apr 17, 2025 - 14:15
Rusiya minlərlə Starlink peykini məhv edə biləcək silah hazırlayır

Rusiya Qərblə mümkün olan ümumi kosmik müharibədə qələbə qazanmağa və Starlink peykləri üçün ciddi təhlükə yaratmağa qadir olan yeni silahlar üzərində işləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes” üçün yazdığı məqalədə analitik Kevin Holden Platt bildirib.

"Secure World Foundation” fondunun kosmik təhlükəsizlik və sabitlik üzrə baş direktoru Viktoriya Samson qeyd edir ki, Moskva artıq aşağı yer orbitində sovet peykini məhv etmək üçün istifadə edilmiş "Nudol" antipeyk raketini sınaqdan keçirir. Bu raket, nəzəri olaraq, SpaceX şirkətinin 7000 peykindən istənilən birini vura bilər.

Samson bildirir ki, Rusiya Müdafiə Nazirliyi "Nudol" raketlərini nüvə başlıqları ilə təchiz etməyi nəzərdən keçirə bilər. Onun sözlərinə görə, bu silah yalnız "Starlink” şəbəkəsi üçün deyil, həm də aşağı orbitdəki bütün ABŞ kosmik cihazları üçün potensial təhlükə yaradır.

Məqalədə qeyd olunur: "Nudol"un fəaliyyət radiusuna Beynəlxalq Kosmik Stansiyadan tutmuş, Ukraynadakı mühasirədə olan insanlara genişzolaqlı internet ötürən "Starlink” peyklərinə və Rusiya tankları və raket briqadalarının hərəkətini lentə alan yüksək dəqiqlikli görüntülər təqdim edən "Planet Labs” şirkətinin peyklərinə qədər bütün cihazlar daxildir".

"Forbes”ə açıqlamasında Samson qeyd edib ki, Moskvadan neçə nüvə raketi buraxılacağı hələ məlum deyil:  

"Mən ehtimal edərdim ki, bir neçədən çox olacaq – hər ehtimala qarşı ehtiyat üçün… Amma bu silah o qədər effektivdir ki, bütöv donanmaya ehtiyac olmayacaq".

Eyni zamanda o xəbərdarlıq edir ki, orbitdə güclü bir nüvə bombası partlayışı minlərlə peyki məhv etməklə yanaşı, yaxınlıqdakı astronavtların da tez bir zamanda həyatını təhlükə altına qoya bilər.

Belə ki, ABŞ Müdafiə Təhlükəsini Azaltma Agentliyinin nüvə silahı üzrə ekspertlərinin apardığı simulyasiyalara əsasən, Beynəlxalq Kosmik Stansiyanın yaxınlığında 5000 kiloton gücündə nüvə partlayışı baş versə, oradakı astronavtlar bir saat ərzində radiasiya xəstəliyinə tutulacaq və 90% ehtimalla 2-3 saat ərzində həyatlarını itirəcəklər.

Bununla belə, London Kral Kollecindən Yelena Qrossfeld Rusiyanın nüvə silahından istifadəsinə yalnız genişmiqyaslı müharibə şəraitində əl atacağını düşünür.

Bəzi hərbi ekspertlər Kremlin ABŞ peyk sisteminə qarşı asimmetrik zərbə məqsədilə kosmosda bir və ya bir neçə nüvə başlığını partlada biləcəyini istisna etməsələr də, Qrossfeld bu addımın Rusiyanın özü üçün də çox riskli ola biləcəyini vurğulayır.

Onun sözlərinə görə, əgər bu cür hücum nəticəsində ABŞ-ın Rusiya nüvə raketlərini izləmək üçün yerləşdirdiyi peyklərdən biri məhv edilərsə, bu hadisə Vaşinqton tərəfindən genişmiqyaslı nüvə hücumunun başlanğıcı kimi qiymətləndirilə bilər və ABŞ-ın dağıdıcı cavab zərbəsi ilə nəticələnər.

"Fikrimcə, Rusiyanın kosmosda nüvə zərbəsi ilə hədələməsi daha çox sabotaj xarakterli vasitədir, nəinki ABŞ peyklərinin real şəkildə məhv edilməsi", – deyə o bildirib.

Qərb mediası əvvəllər yazmışdı ki, Ukrayna hələlik İlon Maskın "Starlink” peyk rabitəsindən asılı vəziyyətdə qalacaq. Çünki hazırda "Starlink”i əvəz edə biləcək heç bir alternativ yoxdur.

Yeganə Avropa alternativi sayılan "Eutelsat”ın cəmi 600 peyki var. "Starlink” isə 7000 peykdən ibarətdir. Üstəlik, Maskın Ukrayna üzərindəki şəbəkəsinin ötürmə qabiliyyəti "Eutelsat”la müqayisədə 23-490 dəfə daha yüksəkdir.