ABŞ, Rusiya və İsrail üçlüyü Suriyada birgə hərəkət edir - Türkiyə və İran indi müttəfiq olmaq zorundadır

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın gələcəyi barədə nikbin proqnozlar verilsə də, Yaxın Şərqin önəmli coğrafiyasına sahib olan ölkədə stabillik və sabitliyin təmin olunmasını gözləmək üçün ciddi əsaslar yoxdur. Belə ki, Suriyanın entik tərkibi və fərqli dini qruplara sahib olması ölkədə güclü və monoton idarəçiliyin yaranmasına mane olur. Ən önəmlisi isə böyük güclərin Yaxın Şərqdəki maraqları da Suriyada yaxın perspektivdə təhlükəsizliyin təmin olunmamasını şərtləndirə bilər.
Ən pis senaridə Suriyanın parçalanacağı istisna deyil. Bəşər Əsəddən sonra paytaxt Dəməşq artıq öz əhəmiyyətini itirib. Hazırda ölkəni birləşdirə biləcək nə bir xarizmatik lider, nə də bir ideologiya mövcuddur. Ekspertlərin fikrincə yaxın gələcəkdə Suriya Fransa mandatına (1920-ci ildə San-Remo Fransız-Britaniya Konfransının qərarlarının əsasında, 29 sentyabr 1923-cü ildə Millətlər Liqası tərəfindən təsdiqlənən) uyğun olaraq anklavlara bölünəcək.
Fransa mandatı altında Suriya altı hissəyə bölünmüşdü: Dəməşq Dövləti, Hələb Dövləti, Ələvilər Dövləti, Böyük Livan, Dürzlər Dövləti və Aleksandrettə (1939-cu ildə referendumdan sonra Türkiyəyə verilən Hatay bölgəsi) sancağı (vilayəti).
Suriyada müasir dövlətçilik ənənələrinin olmaması fonunda super güclərin maraqları da suriyalıların federasiya yaratmaq imkanlarını azaldır. Çünki həm ölkədaxili qüvvələrin, həm də xarici oyunçuların maraqları çox fərqlidir.
Hələlik Suriyada dominant oyunçu kimi görünən Türkiyənin qonşu ölkədə stabilliyi təmin etmək imkanları məhduddur. Əsas da Türkiyənin guclu hərbi potensialı fonunda iqtisadi vəziyyətin pis olması səbəbindən rəsmi Ankaranın Suriyada gedən proseslərə təsir göstərmək imkanları zaman keçdikcə azalacağı şübhəsizdir.
Xüsusi ilə İsrail başda olmaqla ABŞ və Birləşmiş Krallığın Suriyadakı maraqları Türkiyədəkin kəskin fərqlənir. Hazırda İsrail Suriyada kürdləri və dürzləri fəal şəkildə dəstəkləməkdə davam edir. Həmçinin, Suriyanın şərq hissəsində ABŞ hərbi kontingenti var ki, onlar da Suriyda qalacaqlarını bəyan etməklə yanaşı, əlavə hərbi qüvvələri də cəlb edəcəyi ilə bağlı açıq mesajlar verir. Ağ Ev əvvəllər Suriyanın şərqində kürd dövlətinin yaranma prosesini dayandırmışdılar, amma indi bu prosesə dəstək də verə bilərlər.
Ukrayna müharibəsi fonunda Rusiyanın proseslərə təsir göstərmək imkanları əhəmiyyətli şəkildə azalsa da, Kremlin Suriyadakı maraqlarından tez bir müddətdə imtina edəcəyini gözləmək sadəlövhlük olar. 14-15-ci illərdə Rusiya heç də Bəşər Əsədi qorumaq üçün Suriyada milyardlar xərcləməmişdi. Belə ki, Rusiya birbaşa olaraq Suriyada qeyri stabilliyin artması ilə Avropanı enerji asılılığında saxlamaq istəyirdi. Əks təqdirdə Suriyada stabillik olacağı halda Qatar qazının Avropaya boru ilə nəqli qısa perspektivdə reallaşacaqdı. Türkiyənin də bu prosesdə fəallıq göstərməsi Avropa üçün enerji habına çevrilmək istəyindən doğurdu. Amma Rusiya və qəribə səslənsə də ABŞ Avropanın enerji təhlükəsizliyinin artması imkanlarına mane oldular. Bəzi ekspertlərin fikrincə 11-ci ildən başlanan ərəb baharında azlıqda olan ələvilərin təmsilçisi kimi təqdim olunan Bəşər Əsədin həmin vaxt hakimiyyətdə qalmasının əsas səbəbi də Rusiya və Amerikanın maraqlarının uzlaşması səbəbindən mümkün olmuşdu. Çünki Kreml və Ağ Ev Avropanın enerji təhcizatındakı iqtisadi imkanlarının azalmasına heç bir vəhclə razı ola bilməzdilər. İndiki konyukturada da ABŞ və Rusiyanın maraqlarının üst-üstə düşməsi Suriyada təhlükəsizliyin təmin olunmasına ən böyük maneə sayıla bilər. Üstəlik İsrailin bölgədəki maraqları da Suriyada hərbi bazaları olan Amerika və Rusiyanı tam qane edir.
Belə bir mürəkkəb vəziyyətdə Suriyada indiyə kimi rəqabət aparan Türkiyə və İranın dövlət maraqları baxımından birgə hərəkət edəcəyini gözləmək mümkündür. İndiyə qədər şiə amilinə görə, Əsəd rejimini dəstəkləyən İran indi Suriyanın suverenliyində maraqlı olmalıdır.
Həmçinin, ABŞ-ın hərbi müdaxiləsindən sonra faktiki olaraq parçalanmış vəziyyətdə olan İraq da Suriyanın bütövlüyünü dəstəkləyəcək. Çünki hər 4 ölkə kürd faktorunu milli təhlükəsizliyi təhdid sayır. Lakin, Türkiyə başda olmaqla İranın imkanları Suriyada stabilliyin yaranmasında yetərli deyil...
E. Əliyev
AzToday.az