Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

Böyük Britaniyada qeydiyyatda olan “Nordfields Properties Limited” şirkətinin rəhbərliyində dəyişiklik olub.
Yeniavaz.com-un əldə etdiyi məlumatlara görə, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun qızı Sevinc Bağırova bu şirkətin direktoru vəzifəsindən yanvarın 13-də istefa verib.
Qlazqo şəhərində, “1037 Sauchiehall Street, G3 7TZ” ünvanında yerləşən və daşınmaz əmlakın icarəsi ilə məşğul olan şirkətin digər direktoru isə Hüseynqulu Bağırovun oğlu – 1979-cu il təvəllüdlü Lətif Bağırovdur. Sevinc Bağırovanın gedişindən sonra şirkətə Paul Cerard adlı şəxs direktor təyin olunsa da, onun fəaliyyəti cəmi bir həftə davam edib və 19 fevralda o da vəzifəsindən azad olunub.
Hazırda “Nordfields Properties Limited”in yeganə direktoru Lətif Bağırovdur.
Qeyd edək ki, şirkətin 2024-cü ilə dair maliyyə hesabatı qanunvericiliyin tələb etdiyi müddətdə – fevralın 14-dək təqdim edilməli olduğu halda, artıq iki aydır ki, gecikdirilir.
Eyni zamanda məlum olub ki, şirkət 2023-cü ili 1 milyon 556 min 679 funt-sterlinq zərərlə başa vurub.
Xatırladaq ki, “Nordfields Properties Limited” 2013-cü ildə təsis edilib və o vaxtlar şirkətin direktoru Qərbi Kaspi Universitetinin prorektoru olan Duriyə Nuriyeva olub. Bu universitet də Hüseynqulu Bağırovun ailə üzvlərinə məxsusdur.