“Rüsumlar gündə 2 milyard dollar gətirir” – Tramp

Apr 9, 2025 - 14:02
“Rüsumlar gündə 2 milyard dollar gətirir” – Tramp

Amerikanın idxal olunan mallara tətbiq etdiyi tariflər ABŞ-yə gündəlik 2 milyard dollar gəlir gətirir.

Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

“Yeni tariflər haqqında bilmək istəyənlər üçün deyə bilərəm ki, biz tariflərdən gündə 2 milyard dollar əldə edirik. Gündə 2 milyard dollar... Biz çox yaxşı işləyirik”, - Tramp bildirib.

Prezident həmçinin bildirib ki, Vaşinqton öz mallarını ABŞ-yə ixrac etmək istəyən 70-dən çox ölkə ilə danışıqlar aparır.

“Bizim problemimiz odur ki, biz bu qədər ölkəni tez bir zamanda qəbul edə bilmirik, lakin buna ehtiyacımız yoxdur, çünki bildiyiniz kimi, tariflər işləyir və ölkəyə pul əvvəllər görmədiyimiz səviyyədə axır və bu, bizim üçün şox yaxşdır”, - o əlavə edib.

Qeyd edək ki, aprelin 2-də Amerika lideri 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.