Rusiyadan gələn vaqonda yanğın baş verib – Fotolar

Hacıqabulda qatarda yanğın olub.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, ötən gün Hacıqabul stansiyasında Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda tüstülənmə ilə müşahidə olunan yanğın baş verib:
“Yanğının qarşısının alınması üçün vaqon hərəkət tərkibindən ayrılıb, yanmış kömürlər vaqondan boşaldılıb, soyutma işləri aparılıb. Yanğın söndürülüb.
İlkin versiyaya görə, hadisə vaqondakı kömürlər bir-birinə sürtündükcə yaranan qızışmaya görə baş verib.
Vaqon Yalama stansiyasında yükdaşıma qaydalarına uyğun olaraq həm gömrük, həm də yükgöndərən tərəfindən plomblanmış şəkildə qəbul edilib. Qaydalara əsasən, vaqon bu şəkildə təyinat nöqtəsində çatdırılmalıdır.
Yüklərin vaqona yükgöndərən tərəfindən yükləndiyini, vaqonun plomblu olduğunu və bu formada təhvil verilməli olduğunu nəzərə alsaq, hadisədə məhz yükgöndərən məsuliyyət daşıyır.
Yanğın nəticəsində Azərbaycan Dəmir Yollarına zərər dəyməyib”.
Qeyd olunub ki, yanğınsöndürmə işlərinə cəlb olunan ADY-nin bir əməkdaşı halı pisləşdiyi üçün həkimə aparılıb, lakin səhhətində heç bir problem olmadığı üçün evə buraxılıb.
“Report” yanğında 4 nəfərin tüstüdən zəhərləndiyini yazıb.
Bildirilib ki, bunlar Hacıqabul sakini, 2000-ci il təvəllüdlü Yaqubov İlqar Mərhəmət oğlu, 1987-ci il təvəllüdlü Həsənov Emin Bəxtiyar oğlu, 1995-ci il təvəllüdlü Əkbərov Əkbər Teymur oğlu və 1972-ci il təvəllüdlü Qədirov Mübariz Xanbaba oğludur.
Qeyd olunub ki, zərərçəkənlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.