Rusiya Fransaya nota verdi

Fransanın Moskvadakı səfiri Nikola de Rivyer Rusiya XİN əməkdaşının Paris hava limanında Fransa sərhəd xidməti tərəfindən saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiyanın Parisdəki səfirliyi Fransa Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Zaxarova bildirib ki, söhbət zamanı Rusiya Xarici İşlər Nazirliyi de Rivyerə kəskin etirazını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, atılan addımlar nəticəsində sonda rusiyalı diplomata Fransaya giriş icazəsi verilib, lakin o, bütün günü hava limanının sərhəd zonasında keçirməli olub, kompüteri və telefonu müsadirə edilib.
Zaxarova vurğulayıb ki, Rusiya tərəfi baş verənləri nəticəsiz buraxmaq niyyətində deyil. Onun sözlərinə görə, Fransa səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması və etiraz notası hələ nəticə deyil və Paris bunu başa düşməlidir.