Naxçıvanda dönərxanalara qəfil basqın edildi: 14 obyekt bağlanır

Yerli Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Naxçıvandakı 48 dönərxanada qəfil yoxlamalar keçiriblər. Agentliyin məlumatına görə, nöqsanlar aşkarlandığı üçün 14 obyektin fəaliyyətinin dayandırılması gözlənilir. Lakin sahibkarlar bildirirlər ki, obyektlərinin bağlanmasının səbəbi nöqsanlar deyil, tələb olunan rüşvəti verməkdən imtina etmələridir.
Sahibkarlardan B.N. „Gündəlik Naxçıvan“a bildirir ki, onun obyektində hər şey qaydasında olsa da, əməkdaşlar buna fikir verməyiblər:
„Qəfildən basqın etdilər obyektə. Rüşvət yığmaq üçün ildə 3-4 dəfə belə reydlər keçirilir. Nöqsan olub-olmaması önəmli deyil. Çox vaxt yoxlamırlar da. Sadəcə, deyirlər ki, hesabımızı verin, işləyin. Keçən dəfə 1500 manat istədilər, verdim, amma gəlib yoxlamadılar. Bu dəfə isə rüşvəti 3000 manata qaldırıblar, razılaşmadım və obyektimi bağladılar. Kiçik nöqsanlar hər obyektdə ola bilər, amma elə obyektlər var ki, heç bir gigiyenik qaydalara əməl etmirlər, pulunu verib işlərinə davam edirlər. Kiçik nöqsanı olanlar isə rüşvət vermədikləri üçün bağlanır. Elə obyektlər də var ki, onların dönəri bir neçə dəfə zəhərlənməyə səbəb olub, amma onlara heç nə olmur. Çünki vaxtında rüşvət verirlər. Bu işlərdə sağlamlıq yox, sadəcə cib doldurmaq önəmlidir.“
Agentlik isə bildirir ki, yoxlamalar zamanı dönərxanalarda həqiqətən ciddi nöqsanlar aşkar edilib:
„Yoxlamalar zamanı əvvəlki tarixdə bişirilmiş dönərin yenidən istehlakçıya təqdim olunması üçün soyuducuda saxlanıldığı, üzərində heç bir etiket məlumatları olmayan, yararlılıq müddəti bitmiş məhsullardan istifadə edildiyi, temperatur rejiminə əməl olunmadığı və bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi müəyyən edilib. Ekspertiza nəticəsində obyektlər haqqında ciddi tədbirlər görüləcək.“