İsa Həbibbəylinin qardaşı: "10 203,34 manat gömrük rüsumu ödəmişəm" - Sənəd

AMEA-nın prezidenti İsa Həbibbəylinin qardaşı Yaqub Həbibbəyli barəsində mediada səslənən iddialara aydınlıq gətirib.
Qlobal.az Yaqub Həbibbəylinin açıqlamasını təqdim edir:
"Səhət Həbibbəylinin Naxçıvan MR Gömrük Komitəsinə rəhbərlik etdiyi dövrdə bir dəfə də olsa, heç vaxt muxtar respublikanın gömrük xidmətindən istifadə etməmişəm.
Jurnalistin göstərdiyi "Türkaylar” şirkətindən 14 noyabr 2021-ci il tarixdə aldığım mal Türkiyə-Batum-Gürcüstan yolu ilə Bakı şəhərinə gətirilib və Bakı şəhər Gömrükxanasında rəsmiləşdirilmişdir. Həmin malın rəsmiləşdirilməsi üçün heç bir güzəşt tətbiq edilmədən Bakı şəhər Gömrük İdarəsinin hesabına rəsmi qaydada gömrük rüsumu kimi 10 203,34 manat (on min iki yüz üç manat, 34 qəpik) maliyyə vəsaiti ödəmişəm.
Aşkarlıq xatirinə 2021-ci ildə gömrük rüsumunu ödəməyim barədə olan bəyannamənin surətini ictimaiyyətə təqdim edirəm".
Xatırladaq ki, jurnalist Cavanşir Həsənli öz Feysbuk səhifəsində Yaqub Həbibbəylinin 2021/11/14 tarixində "Türkaylar” tekstil sanayi ve ticaret anonim şirkətindən aldığı 11 ton 750 kq çəkisi olan (21079,50 dollar dəyərində) ipliklərin gömrük qeydiyyatından kənar keçdiyini iddia edirdi.