Gülnarə Kərimovaya məxsus 95 milyon dollar ölkəsinə qaytarıldı

Özbəkistan ölkənin ilk prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus dondurulmuş aktivlərdən 95 milyon ABŞ dollarını İsveçrədən geri alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Özbəkistanın iqtisadiyyat və maliyyə nazirinin müavini Atabek Fazilkərimov məlumat verib.
Onun sözlərinə görə, bu məbləğ ümumi 131 milyon dollarlıq tranşın bir hissəsidir. Fazilkərimov həmçinin bildirib ki, hazırda Belçikadan da vəsaitlərin geri qaytarılması istiqamətində iş aparılır: "Söhbət 108 milyon dollardan gedir. Bu barədə əlavə məlumat veriləcək".
Gülnarə Kərimova Özbəkistanın 1989-2016-cı illər arasında prezident olmuş İslam Kərimovun böyük qızıdır. O, hazırda vətənində həbsdədir. 2015-ci ildə Özbəkistan məhkəməsi tərəfindən hədə-qorxu ilə pul tələb etmə və vergidən yayınma ittihamları ilə 5 il azadlıqdan məhrum edilib. 2017-ci ildə ona əlavə 5 il cəza verilib və bu müddəti 2019-cu ilə qədər ev dustaqlığında çəkib. 2020-ci ildə isə o, yenidən hədə-qorxu ilə pul tələb etmə və mənimsəmə ittihamları ilə günahkar bilinərək 13 il 4 ay əlavə həbs cəzası alıb.
2020-ci ildə İsveçrə və Özbəkistan arasında Gülnarə Kərimovanın çirkli pulların yuyulması işi çərçivəsində müsadirə olunan vəsaitlərin geri qaytarılması üzrə razılaşma imzalanıb. Bundan əlavə, Özbəkistan prokurorluğu Gülnarə Kərimovanın ölkədən çıxardığı milli tarixi və bədii dəyərə malik əşyaların da geri qaytarılması üçün iş aparır.