“Ermənistan-Azərbaycan müharibəsini unudun, sülh olacaq” – Paşinyan

“Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada 2024-cü il üçün hökumət proqramının icrasının müzakirəsi zamanı yekun çıxışında deyib.
“Niyə və necə? Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və güc tətbiq etmə hədəsinin yolverilməzliyini tanıyıb”, - Paşinyan bildirib.
O, Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri son dərəcə məsuliyyətli olmağa, bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar verməməyə, bu məntiqi şübhə altına almamağa çağırıb.
“Ermənistan-Azərbaycan eskalasiyasını və müharibəsini unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalıyıq. Biz eyni vaxtda sülh sazişini və Minsk Qrupu strukturlarının ləğvi ilə bağlı ATƏT-ə Ermənistan-Azərbaycan birgə müraciətini imzalamağa hazırıq”, - Paşinyan bəyan edib.