"Dalğa Plaza"nın dayanacağında oğurluq: 29 mindən 14 mini götürdü

Apr 17, 2025 - 19:40
"Dalğa Plaza"nın dayanacağında oğurluq: 29 mindən 14 mini götürdü

Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən "Dalğa Plaza" biznes mərkəzinin həyətində yerləşən ödənişli avtodayanacaqda oğurluq edən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü R.R. avtodayanacaqda dayanan "Hyundai Elantra" markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək oğurluq edib. 

Əvvəllər də oğurluğa görə məhkum edilmiş R.R. avtomobildən içərisində 29.000 min manat olan sellofan torbanı götürüb. Təqsirləndirilən şəxs həmin puldan 14 min manatını oğurlayaraq, qalan vəsaiti torbaya ataraq yerinə qoyub. Bildirib ki, avtomobildən özünə lazım olan qədər pul götürüb. 

Məlum olub ki, oğurluq V.Rəhimovun avtomobilindən edilib. O, "Dalğa Plaza" biznes mərkəzinin həyətindəki ödənişli avtodayanacaqda avtomobilini saxlayaraq, həyat yoldaşı G.Rəhimovanı doğum günü münasibəti ilə "Dəniz Mail" Ticarət Mərkəzinə aparıb. 

Zərərçəkmiş 29 min manatı xanımı ilə birlikdə xaricdə magistr təhsili almaq məqsədilə banka köçürmək üçün avtomobilə qoyubmuş. 

Məhkəmənin qərarı ilə R.R. Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 8 ay müddətə azadlıqdan məhrum edilib.