ABŞ-də Ziya Məmmədovun adının keçdiyi milyonluq cinayət işi bağlandı

ABŞ Ədliyyə Nazirliyi (DOJ) “Bombardier” korporasiyasına məktub göndərib.
Yeniavaz.com korporasiyadan verilən məlumata istinadən xəbər verir ki, məktub “Azərbaycan Dəmir Yolları” (ADY) və İndoneziya ilə bağlı müqavilələr üzrə aparılan araşdırmalarla bağlıdır.
Qeyd edək ki, sözügedən araşdırmalar 2013-cü ildə “Bombardier” ilə ADY arasında imzalanan siqnalizasiya avadanlıqlarının tədarükünə dair müqavilə ilə əlaqədar başlayıb.
Müqavilənin ümumi dəyəri 340 milyon dollar olub və mediada yayılan məlumatlara görə, bu məbləğin 100 milyon dolları “otkat” kimi geri qaytarılıb.
Məsələ ilk dəfə İsveç hüquq-mühafizə orqanlarının 2016-cı ildə apardığı araşdırma ilə gündəmə gəlib.
Daha sonra ABŞ Ədliyyə Nazirliyi və Dünya Bankı da müqaviləni araşdırmağa başlayıb.
“Bombardier” şirkəti isə bütün bu araşdırmalarda istintaq orqanları ilə əməkdaşlıq etdiyini və hər hansı korrupsiya faktını təsdiqləyən sübutun olmadığını bildirib.
DOJ-in son qərarı ilə şirkətə qarşı ABŞ ərazisində bu müqavilə üzrə hüquqi risklər aradan qalxmış sayılır.
Bununla belə, “Bombardier” hələ də digər beynəlxalq qurumların apardığı audit və yoxlamalarda iştirak edir.
Onu da bildirək ki, “Bombardier” şirkəti ilə müqavilə imzalanan dövrdə “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyində olub.
Həmin dövürdə nazirliyə Ziya Məmmədov, dəmir yollarına onun müavini Arif Əsgərov başçılıq edib.