Rusiyada miqrantlara 1-dən çox telefon nömrəsi qadağan edilə bilər

Rusiyada miqrantlara birdən çox telefon nömrəsini, SIM kartı qadağan etmək təklifi irəli sürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların İşləri üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov əcnəbilərə birdən çox abunəçi nömrəsinin olmasını qadağan edən qanun layihəsi hazırlayıb. Sənəddə qeyd olunur ki, bu cür məhdudiyyətlər milli maraqların qorunmasına və vətəndaşlar üçün daha təhlükəsiz mühitin yaradılmasına yönəlib”, - məlumatda deyilir.
Qanun layihəsinə verilən izahat qeydinə əsasən, Rusiya ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin SIM kartlara sahiblik hüququnun məhdudlaşdırılması tədbirləri terrorizm, casusluq, fırıldaqçılıq və kibertəhlükələrlə bağlı artan təhlükələr nəzərə alınmaqla həyata keçirilməlidir.
Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən Rusiyada əcnəbilərin 10-dan çox abonent nömrəsini öz adlarına qeydiyyatdan keçirməsinə qadağa qoyulub.