Tramp bu dəfə Harvard Universitetini hədəfə aldı – Gözlənilməz qərar

ABŞ Prezident Donald Trampın rəhbərlik etdiyi administrasiya Harvard Universitetinə qarşı sərt qərar verib.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, qərara əsasən, universitetin beynəlxalq tələbə qəbul etmək hüququ ləğv olunub.
Bu addım hazırda Harvardda təhsil alan minlərlə əcnəbi tələbəni ciddi çətinlik qarşısında qoyur. Onlar ya başqa universitetlərə keçməli, ya da hüquqi statuslarını itirmək riski ilə üzləşməlidirlər.
ABŞ-ın Daxili Təhlükəsizlik katibi Kristi Noem bu qərarı açıqlayaraq, Harvard Universitetinin 2025–2026-cı tədris ili üçün tələbə proqramı lisenziyasının ləğv edildiyini bildirib. Noem universiteti antisemitizmə və zorakılığa dəstək verməkdə, həmçinin Çin Kommunist Partiyası ilə əməkdaşlıqda ittiham edib.
Harvard isə bu ittihamları rədd edərək qərarı qanunsuz və siyasi qisas adlandırıb. Universitetdən bildirilib ki, bu, Tramp administrasiyasının Harvard üzərində təzyiqlərini daha da artırmasının göstəricisidir.
Rəsmi məlumata görə, Harvard 2024–2025-ci illərdə təxminən 6800 beynəlxalq tələbə qəbul edib. Bu rəqəm ümumi tələbə kontingentinin 27 faizini təşkil edir. Əcnəbi tələbələr arasında ən böyük qrupu 1016 nəfərlə Çin vətəndaşları təşkil edir. Onları Kanada, Hindistan, Cənubi Koreya və digər ölkələrdən olan tələbələr izləyir.
Tramp administrasiyası bu addımı əsaslandıraraq bildirib ki, "universitetlərin əcnəbi tələbələrdən gəlir əldə etməsi hüquq deyil, imtiyazdır".
Ekspertlər isə bu qərarın ABŞ universitetlərinin maliyyə dayaqlarını zəiflədə biləcəyini və təhsildə beynəlxalq əməkdaşlığa zərər verəcəyini qeyd edirlər.
Aşağıdakı cədvəldə son 20 ildə Harvard Univertsitetində təhsil alan əcnəbi (qırımızı diaqram) və yerli tələbələrin payı əks olunub: