Tramp azərbaycanlıları və erməniləri bu ölkəyə deportasiya etdi

Apr 8, 2025 - 11:22
Tramp azərbaycanlıları və erməniləri bu ölkəyə deportasiya etdi

Donald Trampın təşəbbüsü ilə fevral ayında 200 nəfərdən ibarət qrup ölkəni qeyri-qanuni immiqrantlardan “təmizləmək” kampaniyası çərçivəsində ABŞ-dan deportasiya edildikdən sonra Kosta-Rikaya aparılıb.

Publika.az xəbər verir ki, bu barədə SWI məlumat yayıb.

Deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Qazaxıstan, Hindistan, Özbəkistan, Konqo, Vyetnam və Nepal vətəndaşları olub.

Qrupdakı 16 Çin vətəndaşı Kosta-Rika hakimiyyətindən siyasi sığınacaq istəyib. Hazırda ölkənin Miqrasiya və Xarici Vətəndaşlarla İş üzrə Baş İdarəsi onların müraciətlərinə baxır. Sığınacaq üçün müraciət edənlərin immiqrasiya təcridxanasını tərk edib Kosta-Rikada işləmək hüququ var.

Deportasiya edilənlərdən 84-ü artıq ölkələrinə qayıdıb, 94-ü isə sığınacaqda qalmaqda davam edir.

Kosta-Rika hökuməti bildirib ki, ABŞ Dövlət Departamenti bu insanlara humanitar yardım və qayğı göstərmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına (IOM) maliyyə dəstəyi verir. Bununla belə, Kosta-Rikanın cənubundakı Panama ilə sərhədə yaxın Korredores şəhərində yerləşən CATEM sığınacağındakı şərait İnsan Haqları İzləmə Təşkilatı və ayrı-ayrı millət vəkilləri də daxil olmaqla hüquq qruplarının tənqidinə səbəb olub.