“TikTok” falçıları saxlanılıb

Apr 11, 2025 - 14:01
“TikTok” falçıları saxlanılıb

“Paytaxt sakini olan bir kişi fala baxdırmaq üçün “TikTok” sosial şəbəkəsində bu barədə elan yerləşdirən səhifələrdən birinə müraciət edib. Ardınca həmin səhifədən ona cavab yazılaraq əlaqə nömrəsi istənilib. İki qadın onunla danışaraq yalan vəd verməklə 500 manat pul istəyiblər. Qarşı tərəfin istədiyi məbləği kart hesabına köçürdükdən sonra isə həmin nömrəyə zəng çatmayıb və səhifə bloklanıb”.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkən şəxs dələduzluqla üzləşdiyini anlayandan sonra polisə müraciət edib.
“Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində fala baxmaq adı altında dələduzluq edən 46 yaşlı G.Mirzəyeva və  24 yaşlı Ə.Abbasova saxlanılıblar. Araşdırma aparılır.

Sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildiririk ki, bu tipli elanlarla rastlaşan zaman heç bir halda ödəniş etməsinlər və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmasınlar”, - məlumatda deyilir.