"Expressbank”ın sədrinin xalası oğlu həbs edilib - filial müdiri dindirildi

May 27, 2025 - 10:01
"Expressbank”ın sədrinin xalası oğlu həbs edilib - filial müdiri dindirildi

"Expressbank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib.

Əhəd Əliyev dələduzluqda təqsirləndirilən xalası oğlunun aldatdığı şəxsin bankdan kredit götürməsini asanlaşdıran göstəriş verib.

Qlobal.az Musavat.com-a istinadla xəbər verir ki, 1974-cü il təvəllüdlü Şəmsi adlı şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Şəmsi özünü hüquq-mühafizə və məhkəmə strukturlarında geniş tanışlıq əlaqələrinə malik olan şəxs kimi təqdim edərək Tamirlan Həsənova qarşı 210 min manatlıq dələduzluq edib.

Razılığa əsasən, təqsirləndirilən Şəmsi adlı şəxs Tamirlan Həsənovun qardaşı ilə arasında olan mülk davasını onun xeyrinə həll edəcəkmiş. Şəmsi məhkəmədə, prokurorluqda Tamirlan Həsənovun xeyrinə qərarlar çıxartdıracağını vəd edərək ondan 210 min manat pul alıb.

Şəmsi bu iş üçün lazım olan pulu Tamirlan Həsənovdan tələb edən zaman sonuncunun evini bankda girov qoyublar.

Təqsirləndirilən Şəmsi bu işi asanlaşdırmaq üçün "Expressbank” ASC-nin Müşahidə Şurasının sədri olan xalası oğlu Əhəd Əliyevə müraciət edib. 2022-ci ildə Əhəd Əliyevin göstərişi ilə bankın "Əhmədli” filialından Tamirlan Həsənova mənzilini girov qoymaq şərti ilə 178 min manat kredit ayrılıb.

Tamirlan Həsənovun mənzili başqa bankda kreditdə olduğu halda bir neçə gün ərzində sənədləşmə işləri tamamlanıb və qeyd edilən məbləğ ayrılıb.

Zərərçəkmiş Tamirlan Həsənov bankın sədri olan Əhəd Əliyevin göstərişi ilə ayrılan krediti də Şəmsiyə verib. Şəmsi aldığı pulları da ələ keçirib.

Bununla da Tamirlan Həsənova 210 min manat zərər vurub.

İş üzrə bankın "Əhmədli” filialının müdiri Qüdrət adlı şəxs də dindirilib. Onun dindirilmə səbəbi zərərçəkmiş Tamirlana kreditin ayrılması ilə bağlı olub.

Belə ki, Tamirlan kreditin bankın idarə heyətinin sədri Əhəd Əliyevin göstərişi ilə ayrıldığını deyib. Bildirib ki, təqsirləndirilən Şəmsi Əhəd Əliyevin xalası oğlu olduğu üçün onlara bank tərəfindən köməklik edilib. Zərərçəkmiş əlavə edib ki, Əhəd Əliyevin tapşırığı ilə "Əhmədli” filialının müdiri Qüdrətin yanına gedib. Qüdrət də onları qarşılayan zaman Əhəd Əliyevin ona zəng etdiyini təsdiqləyib.

Lakin filial müdiri Qüdrət məhkəmədə bu hissəni təkzib edib. Bildirib ki, Tamirlan adlı müştəriyə kredit tapşırıqla deyil, müraciət əsasında ayrılıb.

Filial müdiri əlavə edib ki, Tamirlan kredit götürən zaman övladlarının müalicəsinə lazım olduğunu deyibmiş. Amma kreditə götürülən pulun sonradan Şəmsi adlı şəxsə verildiyini bilmədiyini söyləyib.

Əhəd Əliyevlə həbs edilən Şəmsinin qohumluğu haqda da danışan filial müdiri bildirib ki, bu barədə məlumatsızdır. Onun sözlərinə görə, kreditin ayrılması üçün Əhəd Əliyev ona heç bir göstəriş verməyib.

Təqsirləndirilən Şəmsi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əhəd Əliyev 2019-cu ildən bankın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Bundan əvvəl isə "Azenco Group” MMC-nin Müşahidə Şurasının sədri olub.

Əhəd Əliyev bir müddət əvvəl "Expressbank”dakı vəzifəsindən ayrılıb. Onu Mehman Məmmədov əvəz edib.