“Sözünü demək istəyirsən, kişi kimi de“ - Deputatlar arasında QALMAQAL

"Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik.
Amma Siyavuş Novruzovun bugünkü çıxışında "İmişli deputatatları ilə söhbət etmişəm, onlar mənə deyib" fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın".
Musavat.com bildirir ki, bu sözləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında həmkarı Siyavuş Novruzovun İmişli rayonunda baş verən məlum hadisə ilə bağlı fikirlərinə sosial şəbəkədə münasibət bildirərkən qeyd edib.
Millət vəkili daha sonra bildirib: "Siyavuş müəllim, bu cür yanlışlıq etməklə özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm. Zəng etdim, götürmədiniz, məcbur olaraq burada yazmalı oldum".
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin yaz sessiyasının ilk plenar iclasında deyib ki, Avropada erməni çörəyi yeyənlər İmişlidə olan hadisələri tamam başqa istiqamətə yönəltdilər.
Deputat bildirib ki, qəzanı törədən adam belə bir hadisənin olmasını istəməzdi.
"Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim. İcra başçısı rayon mərkəzindən üç kilometr aralıdadı, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı? Bir dənə prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı. Bu xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orada öldürəcəkdilər? Əksinə qabaqlarına polis düzdülər. Bu insanlarda qıcıq yaratdı. Bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir, sevir. Bizim hamımızın canı Prezidentə fədadır. Amma çıx camaatın qarşısına, camaatı başa sal. Niyə camaatdan kənar qaçırsız? Nəyə görə? Dövlət əmlakına ziyan vurduğuna, əsəblərini idarə edə bilmədiklərinə görə 18 nəfər həbs edildi. Mən xahiş edirəm ki, onları bağışlasınlar, cavan uşaqlardır. Amma belə hərəkətlərdə rayon hüquq-mühafizə orqanları insanların qabağında olmalıdır. Əgər onun üzü yoxdursa camaatın qabağına çıxmağa, onda gedib ərizəsini yazıb çıxsın evinə getsin”,- o, bildirib.