“Repetitorluq təhsil sisteminə inteqrasiya edilməli, dövlət hər şagirdə pul verməlidir” – Ekspert

May 26, 2025 - 14:19
“Repetitorluq təhsil sisteminə inteqrasiya edilməli, dövlət hər şagirdə pul verməlidir” – Ekspert

Məlum olduğu kimi, ötən il dövlət büdcəsindən ümumi təhsilə ayrılan vəsait 2 milyard 373 milyon manat təşkil edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023/24-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 681 min şagird təhsil alıb.

Açıqlanan rəqəmlərdən belə görünür ki, il ərzində hər şagirdə düşən xərc orta hesabla 1 400 manat olub.
Lakin müşahidələr göstərir ki, bu vəsait reallıqda şagirdin keyfiyyətli təhsil alması üçün kifayət etmir. Nəticədə minlərlə valideyn övladını repetitor yanına göndərməyə məcbur qalır və ayda 400-500 manat, illik isə təxminən 5-6 min manat əlavə xərc çəkir. Bu isə həm ailə büdcəsinə ağır yük salır, həm də təhsil sisteminin effektivliyi ilə bağlı ciddi suallar yaradır.

Repetitorlara artan tələbat göstərir ki, şagirdlər məktəbdə öyrənə bilmədiklərini evdə, pullu formada öyrənməyə çalışırlar. Bu isə dövlətin təhsil üçün sərf etdiyi vəsaitin səmərəsiz xərcləndiyini göstərir.

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, vəsaitlərin boşa getməməsi üçün təhsil sistemində təcili və ciddi islahatlar həyata keçirilməlidir:

“Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlər birbaşa məktəblərə deyil, şagirdlərə “təhsil vauçeri” formasında verilməlidir. İlkin mərhələdə bu modeli ali məktəblərə hazırlaşan 10-11-ci sinif şagirdləri, yəni abituriyentlər üçün tətbiq etmək olar.

Məsələn, hər şagirdə illik 1 400 manatlıq vauçer verilsin. Şagird istəsə, bu vəsaiti dövlət məktəbinə, istəsə özəl məktəbə, istəsə də repetitora yönəltsin. Hətta bu məbləğin bir hissəsini məktəbə, digər hissəsini isə repetitora ayıra bilər.

Məsələn, deyək ki, repetitorun maddi-texniki imkanları və laboratoriya sinifləri yoxdur. Bu zaman məktəblə repetitor-müəllim və ya valideyn arasında müqavilə bağlana bilər. Dövlət büdcəsindən təhsil vauçeri formasında şagirdə ayrılan vəsaitin bir hissəsi bu müqavilə əsasında məktəbə ödənilə bilər. Əlbəttə, bunun üçün repetitorluq qanuniləşdirilərək mövcud təhsil sisteminə inteqrasiya edilməlidir”.

Ekspert bildirir ki, hazırda təhsil sistemində anormal bir vəziyyət hökm sürür:

“Təsəvvür edin ki, şagird evdən çıxıb məktəbə gedir və gününün 6 saatını orada keçirir. Daha sonra məktəbdən çıxaraq, məktəbin ona verə bilmədiyi təhsili almaq üçün repetitorun yanına gedir. Sistemdəki anormallıq isə ondadır ki, məktəbdə dərs deyən müəllimlə repetitor-müəllim çox zaman eyni şəxs olur.
Bu ziddiyyətin və təhsil sistemindəki səmərəsizliyin qarşısını almaq üçün təcili şəkildə repetitorluq qanuniləşdirilməlidir. Belə olduğu halda rəqabət yaranar və məktəblər də şagird cəlb etmək, büdcədən vəsait ala bilmək üçün təhsilin keyfiyyətini artırmağa məcbur olarlar.

Hazırda məktəblərin maliyyələşməsində şagirdin bilik səviyyəsinin heç bir əhəmiyyəti yoxdur. Əgər dövlət repetitorluq bazarını tənzimləyərsə, bu sahədə həm qanunsuz və keyfiyyətsiz xidmətlərin qarşısı alınar, həm də ailələr daha az maliyyə yükü ilə üzləşərlər. Ən əsası, dövlətin təhsil prosesinə nəzarət imkanı yaranar.
İlkin mərhələdə repetitor-müəllimlər üçün müəyyən vergi güzəştləri də tətbiq oluna bilər. Belə olarsa, təhsilə real töhfə verməyən məktəblər tədricən sistemdən sıxışdırılıb çıxarılacaq. Bu da dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə gətirib çıxaracaq”.