Ukrayna 1 600 kilometr məsafə qət edə bilən dron istehsal edib – Fotolar

Ukrayna müdafiə sənayesinin istehsal etdiyi “FP-1” hücum dronu 1 600 kilometrə qədər məsafə qət edə bilir və 113 kiloqramlıq döyüş başlığı daşıyır.
Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər bu xüsusiyyətləri ilə “FP-1”in daha əvvəl istifadə olunan “PD-1” dronundan üstün olduğunu bildirirlər.
“PD-1”in uçuş məsafəsi təxminən 965 kilometrdir və onun döyüş başlığı “FP-1”lə müqayisədə daha yüngüldür. Yeni “FP-1” isə həm məsafə baxımından, həm də daşıdığı yük baxımından irəlidədir.
Ukrayna-Çexiya birgə müəssisəsi olan UAC “FP-1”in səmərəliliyini artırmaq üçün bir sıra texniki təkmilləşdirmələr aparıb. Ən mühüm yeniliklərdən biri odur ki, bu dron eniş şassisinə malik deyil. “FP-1” raket buraxılış sistemi vasitəsilə havaya qalxır və bu da onun daha az çəki ilə daha uzaq məsafəyə uça bilməsinə şərait yaradır.
“FP-1” rəsmi şəkildə Kiyevdə keçirilən sərgidə təqdim olunub. Onun istehsalına ötən il başlanılıb və dron artıq real döyüş əməliyyatlarında iştirak edib.
Hazırda Ukrayna uzaq məsafəli hədəflərə – o cümlədən Rusiya ərazisindəki hava bazalarına və neft emalı zavodlarına – müntəzəm zərbələr endirmək qabiliyyətinə malik dron arsenalı formalaşdırır. Bu arsenalda yer alan “A-22” tipli idman təyyarələri pilotsuz aparatlara çevrilərək döyüşlərdə istifadə olunur. Lakin onların hər biri 80 min dollardan baha başa gəlir və məhdud uçuş məsafəsinə malikdir.
Mütəxəssislərin fikrincə, “FP-1”in qiyməti 100 min dolları keçə bilər, lakin onun uçuş imkanları “A-22” ilə müqayisədə daha üstündür. Şassi hissəsinin dron gövdəsindən çıxarılması həm aerodinamik səmərəliliyi artırıb, həm də əlavə yer qazandırıb.
Qeyd edilir ki, “FP-1” bir dəfəlik istifadə üçün nəzərdə tutulub – yəni o, hədəfə çırpıldıqdan sonra partlayır və geri qayıtmır. Bu səbəbdən, o, paraşütlə təchiz edilmir və təkrar istifadəyə yararlı deyil.