“Neftçi”də kim istefa verməlidir, Samir Abasov, yoxsa…

May 8, 2025 - 09:20
“Neftçi”də kim istefa verməlidir, Samir Abasov, yoxsa…

Son 10 ildə “Qarabağ”la hansı komanda rəqabət apara bilib? Cəmi iki mövsüm Samir Abasovun “Neftçi”si. Bəli, məhz Samir Abasovun “Neftçi”si.

Abasov “Neftçi”də işlədiyi iki mövsümün birində “Qarabağ”dan çempionluğu qopardı, digərində isə gümüş medal qazandı.

Amma Samir Abasov elə çempion olduqdan sonra da deyirdi ki, bu komanda illə Avrokuboklarda uğur qazanmaq, “Qarabağ”la daim rəqabət aparmaq olmaz. Heyət güclənməlidir. Ancaq “Neftçi”nin rəhbərliyində olan “istedadlı dələduzlar” onun açıq səsləndirdiyi problemlərdən qıcıqlanırdılar. Çünki məqsədləri inkişaf deyildi.

Özlərinə yaxın azarkeşləri də öyrədib Samir Abasovu istefaya göndərdilər o vaxt. O vaxtdan sonra “Neftçi”də məşqçilər əlcək kimi dəyişdi, komanda da oldu Azərbaycan futbolunun autsayderi. Cari mövsümün startdnda isə işlər lap qəlizləşdi. “Neftçi” Premyer Liqanı tərk etməyə əsas namizəd idi.

“İstedadlı dələduzlar” çıxış yolunun olmadığını anladılar. Yenə də Samir Abasova möhtac oldular. Onu çağırdılar. Çağırdılar ki, gəl “Neftçi”ni elitada saxla.

Samir Abasov da gəlib komandanı elitada saxlamağı bacardı. Bu “Neftçi”nin bundan artıq potensialı yox idi. Bu “Neftçi” Samir Abasovun komandası deyil, rəhbərlikdəki “istedadlı dələduzlar”ın əsəridir.

Artıq “Neftçi” eliatada yerini qoruyub, köhnə “oyun”a start verilib: “Samir Abasov istefa verməlidir” deyirlər.

Niyə? “İstedadlı dələduzlar”ın qurduğu komandanı ölümdən qurtardığı üçün?

“Neftçi”nin ətrafında oynanılan “oyun”da iki variant var: Samir Abasov gedir, “Neftçi”də yenə də əcnəbi məşqçilər bir-birini əvəz edir, komanda aşkar autsayder olur.

İkincisi, Samir Abasov qalır, ona istədiyi komandanı qurmnaq üçün dəstək verilir və “Qarabağ”la rəqabət apara biləcək “Neftçi” formalaşır.

İkinci variant cəlbedicidir, elə deyilmi? Bəs bunun üçün nə lazımdır? “Neftçi”dən Samir Abasovun istefa verməsini yox, “istedadlı dələduzlar”ın getməsini tələb etmək.

Onlar getsə, “Neftçi” inkişaf edəcək. “Neftçi”nin inkişafı isə çempionata rəqabət gətirəcək. Nəticədə isə bu rəqabət Azərbaycan futbolunun inkişafını şərtləndirəcək.

İndi hansı variantı seçmək lazımdır, “Neftçi”də kim istefa verməlidir, Samir Abasov, yoxsa “istedadlı dələduzlar”?

Natiq Muxtarlı

Aut.az