Pakistan və Hindistan arasında münaqişə başladı – Nə məlumdur?

Mayın 7-nə keçən gecə Hindistan Pakistanda “terror infrastrukturuna” hücum edərək “Sindoor” əməliyyatına başladığını elan edib.
Yeniavaz.com xəbər verir ki, rəsmi İslamabad əməliyyata cavab verəcəyini vəd edib.
“Reuters” hadisə şahidlərinə istinadən Pakistanın nəzarətində olan Kəşmirin paytaxtı Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı partlayışların baş verdiyini yazıb.
Hindistan tərəfi ittifaq ərazisi olan Cammu və Kəşmirin Pakistanın nəzarətində olan ərazilərində doqquz hədəfə hücum etdiyini bildirib.
Zərbələrin yalnız hərbi hədəflərə qarşı və yalnız Hindistan ərazisindən həyata keçirildiyi qeyd olunub.
Hindistanın ABŞ-dəki səfirliyi hücumun Pahalqam hücumunda iştirak edən terrorçuların düşərgələrini hədəf aldığını və Pakistanın mülki, iqtisadi və ya hərbi hədəflərinə heç bir zərbə endirmədiyini bildirib.
Hindistan ordusu rəsmi bəyanat yayaraq hücumları “ədalətin zəfəri” adlandırıb.
Pakistanın cavabı
Pakistanın müdafiə naziri Xavaca Asif Hindistanı mülki şəxslərə hücum etməkdə ittiham edib. İslamabad Yeni Dehlinin hərəkətlərini “qorxaq hücum” adlandırıb və “qətiyyətli cavab” veriləcəyini elan edib.
Pakistan hava məkanını 48 saatlıq bağlayıb və cavab zərbələri endirib.
Hindistanın PTI xəbər agentliyinin məlumatına görə, Pakistan ordusu nəzarət xətti boyunca yerləşən kəndləri intensiv şəkildə minaatanlardan atəşə tutub.
Pakistan qüvvələrinin Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 təyyarəni də vurduğu bildirilir. Onlardan ikisinin Fransa istehsalı olan “Rafale” qırıcıları olduğu qeyd olunur.
Nəticələr
Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələr Müdirliyinin məlumatına görə, Hindistan iki məscidə hücum edib, azı 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Pakistan Müdafiə Nazirliyinin sözçüsü daha sonra 8 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını bildirib.
Pakistanın Pəncab əyalətində fövqəladə vəziyyət elan edilib. Yerli sakinlər sığınacaqlara sığınırlar.
Hindistan Pakistanın atəşi nəticəsində 3 mülki şəxsin həlak olduğunu bildirib.
Hindistanın “News18” telekanalının məlumatına görə, azı 17 terrorçu öldürülüb , 60-ı yaralanıb.
Beynəlxalq reaksiya
Rəsmi Hindistan mənbələri bildiriblər ki, Yeni Dehli Böyük Britaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ və Rusiyanı “Sindoor” əməliyyatının başlaması barədə məlumatlandırıb.
BMT-nin baş katibi Antonio Quterreş münaqişə tərəflərini maksimum təmkinli olmağa çağırıb, və qeyd edib ki, dünya bu ölkələr arasında hərbi qarşıdurmaya tab gətirə bilməz.
ABŞ prezidenti Donald Tramp münaqişənin tezliklə bitəcəyinə ümid etdiyini bildirib.
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun münaqişənin həlli üçün hər iki ölkənin rəhbərliyi ilə əlaqə saxlayacağını bildirib.
Pahalqqam terror hücumu
Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmirin məşhur turistik Pahalqam şəhərində “Laşkar-e-Taiba” (terrorçu qrup kimi tanınır) təşkilatının üzvləri tərəfindən 25 Hindistan vətəndaşı və 1 Nepal vətəndaşı öldürülüb. Hindistan Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin hücumda əli olduğuna dair sübutlara malik olduğunu bildirib.
Qeyd edək ki, Yeni Dehli və İslamabad diplomatlara qarşı qarşılıqlı məhdudiyyətlər qoyub, ikitərəfli razılaşmaları dayandırıb və bir-birinin hava məkanını təyyarələr üçün bağlayıb.
Hər iki tərəf nəzarət xəttində atəş açılması halları və bununla bağlı cavab tədbirləri görüldüyünü bildirib. Aprelin 29-da Hindistanın baş naziri Narendra Modi bəyan edib ki, Hindistan Silahlı Qüvvələri Cammu və Kəşmirdəki terror hücumuna cavab tədbirlərinin üsulu, məqsədi və vaxtı barədə qərar verməkdə tam azadlığa malikdir.