Türkiyə-Azərbaycan Universiteti aviabilet və otel xərcləri üçün 521 min xərcləyəcək

Apr 7, 2025 - 14:17
Türkiyə-Azərbaycan Universiteti aviabilet və otel xərcləri üçün 521 min xərcləyəcək

Azərbaycan Texniki Universitetinin (ATU) keçirdiyi tender müsabiqəsinin qalibi “Vega Travel Management” MMC (VÖEN – 1504886571) olub.

Yeniavaz.com xəbər verir ki, ATU Türkiyə-Azərbaycan Universitetinin müəllimləri üçün aviabiletlərin alınması və onların mehmanxana xərclərinin qarşılanmasına görə “Vega Travel Management” MMC-yə 521 min 488 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, qeyd olunan məbləğə Türkiyənin İstanbul və Ankara şəhərlərindən Bakıya və əks istiqamətə 580 ədəd aviabilet alınacaq, həmçinin Türkiyə-Azərbaycan Universitetinin tədris binasının 1 km. radiusunda, 3 ulduzlu oleldə 1 560 gecələmə nəzərdə tutulur.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Vega Travel Management” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla ev 19, mənzil 19-da yerləşir. Şirkətin qanuni təmsilçisi Rəhimli Əmrah Natiq oğludur.