10-11-ci siniflər üzrə dərsliklərin bir ədədi 1 manat 93 qəpiyə çap olunacaq – Siyahı

Elm və Təhsil Nazirliyinin orta məktəb dərsliklərinin çapı ilə bağlı keçirdiyi tender müsabiqəsinin daha bir qalibi müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi 10-11-ci siniflər üzrə kiçik ölçülü dərsliklərin çapı ilə bağlı olub.
Qeyd edək ki, 10-11-ci siniflər üzrə dərsliklərin çapını “İndiqo” MMC (VÖEN - 1400595071) həyata keçirəcək.
Nazirlik dərslik çapı üçün “İndiqo” MMC-yə müvafiq olaraq 767 min 738 manat ödəyəcək.
Onu da bildirək ki, nazirlik daha əvvəl 1-2-ci siniflər üzrə dərsliklərin çapını “Çaşıoğlu Elm-İstehsalat” MMC-yə (VÖEN- 1300069061),
5-6-cı siniflər üzrə dərsliklərin çapını "Təhsil" Nəşriyyat Poliqrafiya MMC–yə (VÖEN – 1300379491),
7-9-cu siniflər üzrə dərsliklərin çapını isə “Şərq-Qərb” ASC-yə (VÖEN - 2000043631) həvalə edib.
Tenderin qalibi olan şirkətlərin çap edəcəkləri kitabların sayı və bir ədəd kitab üçün alacaqları orta məbləğ aşağıdakı kimi olub:
“Çaşıoğlu Elm-İstehsalat” MMC – 2 361 250 ədəd (bir ədəd dərslik 1 manat 39 qəpik);
"Təhsil" Nəşriyyat Poliqrafiya MMC – 1 341 950 ədəd (bir ədəd dərslik 2 manat 31 qəpik);
“Şərq-Qərb” ASC – 1 066 800 ədəd (bir ədəd dərslik 2 manat 38 qəpik);
“İndiqo” MMC – 397 900 ədəd (bir ədəd dərslik 1 manat 93 qəpik)