Əvəz Zeynallının cəzadan azad edilməsi üçün ərizə məhkəməyə təqdim edildi

“Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallının cəzadan azad edilməsi barədə ərizə məhkəməyə təqdim edilib.
Bu barədə onun vəkili Rəşad Vaqifoğlu məlumat yayıb.
“Əvəz Zeynallının xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi barədə ərizəni həmkarım Fəxrəddin Mehdiyev ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim etmişik. Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər”, - məlumatda deyilib.
Xatırladaq ki, Əvəz Zeynallının səhhətində yaranan problemlərə görə azadlığa buraxılması üçün ötən gün bir sıra ictimaiyyət və media nümayəndələri, hüquq müdafiəçilərinin, eləcə də tanınmış şəxslərin imzaladığı müraciət Prezident İlham Əliyevə ünvanlanıb.