Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?

May 14, 2025 - 10:30
Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?

Xəzər dənizinin səviyyəsinin azalması artıq gözlə görülə biləcək səviyyəyə çatıb. Dəniz yavaş- yavaş geri çəkilir…

Maraqlıdır, bu mənzərə Xəzər dənizi ekoloji fəlakətlə üz-üzədir deməyə əsas verirmi?

Mövzu ilə bağlı danışan Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov bildirib ki, Xəzər dənizinin səviyyəsi getdikcə aşağı düşür.

“30-40 ildən bir Xəzərin səviyyəsi gah qalxır, gah düşür. Bu dövrü təkrar olunan bir prosesdir. İndi çökmə prosesi gedir. 1978-1993-cü illərdə Xəzərin səviyyəsi qalxırdı, indi isə düşür. Bu bir neçə il davam edəcək və bu müddət ərzində təxminən səviyyə 1 metrə qədər də düşəcək. Daha sonra tədricən qalxmağa başlayacaq”, – o deyib.

Professor qeyd edib ki, bu günəşin fəallığı, iqlim dəyişməsi, insanın təsərrüfat fəaliyəti ilə bağlıdır:

“Yəni, bir neçə amilin üst-üstə düşməsi nəticəsində bu proses mütəmadi təkrar olunur. Buna görə də burada narahatedici bir məqam yoxdur. Düzdür, bəzi tədqiqatlar var, Holland alimləri bu yaxınlarda belə bir araşdırma aparıblar, belə bir qənaətə gəliblər ki, Xəzərin səviyyəsi 8-16 metr düşəcək. Ancaq bu fərziyyədir, yəni biraz elmi əsasda deyil”.

“Baxmayaraq ki, riyazi model hazırlayıblar, hesablamalar aparıblar. Ancaq bir çox amillər nəzərə alınmayıb və bu tərəddüdün gedişi son 200 ildə gedən insturmental rəsmi məlumatlar əsasındadır. Xəzərin səviyyəsi 3 -3.5 metr amplitudada dəyişir, qalxıb-düşür. Ona görə də 8-16 metr demək o qədər də əsaslı deyil. Xəzərə 80 % su Volqa çayından daxil olur. Yəni səviyyənin dəyişməsi su balansı ilə bağlıdır. Nə qədər su daxil olur, nə qədər su buxarlanır. Volqa çayı hövzəsində də çoxlu təsərrüfatlar var. İstiləşmə ilə bağlı çoxlu su istifadə olunur. Ona görə də Xəzər dənizinə gəlib çatan suyun miqdarı azalır. Ümumi qanunauyğunluqlara uyğun olaraq 3-4 ildən sonra yenidən səviyyə qalxacaq. Yəni qorxmağa gərək yoxdur”- deyə o vurğulayıb.

Ekoloq Telman Zeynalov isə açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsində enmə və qalxmalar tez-tez müşahidə olunur.

“Son 80 ildə Xəzər dənizinin səviyyəsi iki dəfə enmiş, bir dəfə isə qalxmışdır. Dəniz səviyyəsinin aşağı enməsi xüsusilə şimal zonalarında – Rusiya və Qazaxıstanda balıqçılığa mənfi təsir göstərəcək. Su səviyyəsinin aşağı olması səbəbilə balıqçılıq zəifləyəcək, çünki həmin ərazilərdə dəniz onsuz da dayazdır”- deyə o əlavə edib.

“Hesab edirəm ki, Xəzər dənizində suyun səviyyəsinin azalması Azərbaycana ciddi mənfi təsir göstərməyəcək”,- deyə T. Zeynalov vurğulayıb./trend.az