“ABŞ Tehrana qarşı güc tətbiq etmək fikrindən əl çəkməlidir” – İran XİN

Apr 8, 2025 - 21:34
“ABŞ Tehrana qarşı güc tətbiq etmək fikrindən əl çəkməlidir” – İran XİN

“Vaşinqton Tehrana qarşı güc tətbiq etmək fikrindən imtina etməlidir”.

Yeniavaz.com xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi “The Washington Post”da dərc olunan məqaləsində bildirib.

O, aprelin 12-də Omanda Tehran və Vaşinqton arasında keçiriləcək danışıqları şərh edərkən qeyd edib ki, İran tərəfi sazişin bağlanması üçün ciddi qarşılıqlı fəaliyyətə hazırdır. Eyni zamanda, nazir vurğulayıb ki, ABŞ və İran arasında dolayı qarşılıqlı fəaliyyət formatı əhəmiyyətli inamsızlıq və niyyətlərin səmimiliyinə şübhə ilə izah olunur ki, bu da ABŞ-nin İrana maksimum təzyiq siyasətini bərpa etməsi ilə əlaqədar olaraq daha da güclənib:

“Bu gün irəli getmək üçün ilk növbədə razılaşmalıyıq ki, heç bir hərbi variant və şübhəsiz ki, hərbi həll ola bilməz. ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün ilk addım kimi atəşkəsə çağırmaqla bu reallığı açıq şəkildə qəbul edir”.

Əraqçi vurğulayıb ki, Tehran nüvə proqramı ilə bağlı öz niyyətlərinin dinc mahiyyətini aydınlaşdırmağa və mümkün narahatlıqları aradan qaldırmaq üçün lazımi tədbirlər görməyə hazırdır:

“Hərbi potensialın yaradılması əks mesaj verir. ABŞ öz növbəsində bağladığı istənilən sövdələşməyə sadiqliyini nümayiş etdirməklə diplomatiyaya ciddi yanaşma nümayiş etdirə bilər. Əgər bizə hörmətlə yanaşılsa, biz də qarşılıq verəcəyik. İran diplomatiyaya üstünlük verir, lakin özünü necə müdafiə edəcəyini bilir. Top Amerika meydançasındadır”.

Xatırladaq ki, martın 7-si Tramp deyib ki, o, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə proqramı üzrə danışıqlar aparmağı təklif edən mesaj göndərib. Martın sonunda İranın xarici işlər naziri deyib ki, Tehran Trampın məktubuna cavab göndərmək üçün Omandan vasitəçi kimi istifadə edib. Bazar ertəsi məlum olub ki, yazışmalardan sonra tərəflər danışıqların birinci raundunu aprelin 12-də Omanda keçirmək barədə razılığa gəliblər. Əsas danışıqlarda Əraqçi və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff çıxış edəcək.